суббота, 21 марта 2015 г.

ÜÇ RƏNGLİ BAYRAQ .


ÜÇ RƏNGLİ BAYRAQ

Müəllif: Dunyamin 
Göylərə yüksəlib üç rəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!

Oğullar sıyrılsın qınından yenə,
Keçsinlər ürəklə canından yenə.
İçsinlər düşmənin qanından yenə,
Alçağı qalxmağa, dinməyə qoyma!

Göylər mavi rəngli tül,ipək olsun,
Dünya al geyinsin, gül- çiçək olsun!
Ömür yaşıl donlu gələcək olsun,
Milləti bu yoldan dönməyə qoyma!

Sınmarıq milləti sındıranlara,
Qəhr olsun ümidi donduranlara!
Eşq olsun gur işıq yandıranlara,
İşığı zülmətə yenməyə qoyma!

Gəlir babalardan haraylı bir səs,
“Yüksələn bir bayraq bir daha enməz!”
Azadlıq eşqimiz tükənərmi bəs?!
Ya Rəbbim, bu eşqi sönməyə qoyma!

Şuşam da, Laçın da əsirdir hələ,
İnləyir, inləyir bu torpaq hələ.
Oğullar ayağa qalxacaq hələ,
Onları bu yoldan dönməyə qoyma!

Dinimiz, dilimiz, torpağımız var,
Dağımız, çölümüz, irmağımız var.
Ey Vətən, üç rəngli bayrağımız var,
Zirvəyə ucalıb, enməyə qoyma

Комментариев нет:

Отправить комментарий